Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi

Cavidin əbədiyyəti

     Təqdim olunan mövzu - ekspozisiya planında Cavidin ev muzeyinin tam təsviri və aparıcı mətnlər verilsə də, muzey bələdçilərinin daha geniş biliyə və məlumata malik olması zəruridir. Bunun üçün onlara aşağıdakı qaynaqların öyrənilməsi tövsiyə edilir:

1. Məmməd Cəfər Cəfərov-"Hüseyn Cavid"
2. Qulam Məmmədli-"Cavid - ömrü boyu"
3. Rafael Hüseynov-"Vaxtdan uca"
4. Mehdi Məmmədov-"Şirin arzular, acı fəryadlar"
5. "Cavidi xatırlarkən"- Məqalələr və xatirələr toplusu

Ekspozisiyanın ilk otağında bir-birindən sütun-divarlarla ayrılan üç şəbəkəli bölümün hər birində heykəltəraşlıq nümunələri və məqbərənin maketi yerləşir:

1. Ortada Hüseyn Cavidin məqbərəsindəki mərmər heykəlin natural ölçüdə gipsdən olan variantı
(Müəllif Ö.Eldarov). Bu heykəlin üst hissəsində H. Cavidin "Azər" poemasından misralar yazılıb:

"Bir əlim iştə su, atəş bir əlim.
Çarpacaq qəlbim, əgər sussa dilim."

2. Solda Ərtoğrol Cavidin mərmərdən büstü (Müəllif Ö. Eldarov). Heykəlin üst hissəsində H. Cavidin "Qadın" şerindən misralar yazılıb:

"Kimsədən gözləmə yardım əsla
Yalınız kəndinə kəndin ağla!"

3. Sağda Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinin maketi (Müəllif: İ.İbrahimov). Maketin üst hissəsində "Şeyx Sənan"əsərindən misralar yazılıb:

"Bəni öldürsələr də, bən yaşarım,
Tərk edib xəlqi, xaliqə qoşarım."

* * *

Şəbəkəli hissələr divarın içəri hissəsindəki ərazidə olduğundan bir növ səhnəni xatırladır və büstlərin yerləşdiyi bölümlərin yuxarı tərəfində sağ və sola doğru yarımaçılı pərdələr asılıb. Cavid heykəlinin solunda və sağındakı iki sütunun üzərində “Azər” poemasından şairin həyatı və yaradıcılığının mahiyyətini ifadə edən misralar yazılmışdır:

Soldakı sütunun üzərindəki mətn:

Bən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
İzliyorkən sevgi yolu
Acı duydum hər kölgədən.
Bir yoqsulum, hər diləyim
Diz çökdürür zənginləri
Bir arifim, bilmədiyim,
Aşar durur ənginləri.
Bən mülayim bir dənizim,
Atəşlidir dalğalarım.
Sülhə qoşan bir acizim,
Əskik olmaz qavğalarım.

Sağdakı sütun:

Bən əbədi hürriyyətin
Sevdalı bir çilvəsiyim.
Anlaşılmaz bir xilqətin,
Parlar, sönər şöləsiyim.

Aparıcı mətn:

XX yüzil Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan böyük şair, dramaturq, filosof Hüseyn Cavid Rasizadə 1920-ci ildən 1937-ci ilədək həyat yoldaşı Mişkinaz xanım, oğlu Ərtoğrol və qızı Turanla bu mənzildə yaşamışdır. İyirminci illərdə, əvvəlcə “Darülmüəllimin” adlandırılan pedaqoji texnikumun yerləşdiyi bu binada müəllimlik edən Cavidə üçüncü qatda - indi muzey olan bu mərtəbədə mənzil verilmişdi. Bu bina Cavidin həm iş yeri, həm evi idi. Və Cavid bütün ömrü boyu işinə - baxtına yazılmış şairlik peşəsinə evi və ailəsi qədər namusla, məhəbbətlə yanaşdı; Evinə, ailəsinə - qələmə, sözə, şerə bəslədiyi qədər sədaqət, nəvaziş, sayğı göstərdi. 1937-ci ilin 4 iyun gecəsində sovet cəza orqanları tərəfindən bu evdən dustaq edilib aparılan, bir müddət sonra Sibirə sürgün edilən, ailəsi də bu mənzildən çıxarılan Cavid bir də Vətənə, evinə 45 il sonra qayıda bildi. Bu qeyri-adi qayıdışın səbəbkarı və dünyadan 59 yaşında köçmüş şairin ölümündən 59 il sonra bu otaqlarda onun xatirə muzeyinin açılmasının səbəbkarı Azərbaycan dövlətinin rəhbəri, Cavidin mənəvi övladı Heydər Əliyev oldu.

Sağ divarda Naxçıvandakı Cavid türbəsinin açılışını əks etdirən fotoşəkillər (Heydər Əliyev, Turan Cavid və başqaları.)

Yuxarıda gələcəyi görən Cavidin, həyatının bütün macəralarını irəlicədən duyaraq yaradıcılığında əks etdirmiş Cavidin sanki türbəsi önündə dayanmış öz böyük xeyirxahına yönəlmiş sözləri yazılıb:

Tutduğun yol böyük... Sən el rəhbərisin.
Bütün səslərdən üstündür sənin səsin.
Bağır, hayqır, can ver ıssız bucaqlara,
Bilgi nuru yağdır sönmüş ocaqlara.
... Çalış bütün boşluqlar əzminlə dolsun,
Hər bataqlıq çiçəkli bir cənnət olsun.
("Azər" poeması)

Cavid türbəsinin maketinin aşağısında isə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Hüseyn Cavid haqqında dediyi sözlər verilib:

* * *

"Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil etməkdən ibarət olubdur. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır"

HEYDƏR ƏLİYEV

* * *

Heykəllərlə üzbəüz divar üzərindəki lövhədə Cavidə Cavidlik vermiş pyeslərinin xalq sənətkarı Seyfəddin Məmmədvəliyev tərəfindən qoz ağacından qabartma və oyma üsulu ilə işlənmiş adları yazılıb.

ANA, MARAL, ŞEYX SƏNAN
ŞEYDA, UÇURUM, İBLİS
AZƏR, AFƏT, PEYĞƏMBƏR
TOPAL TEYMUR, KNYAZ, SƏYAVUŞ
XƏYYAM, İBLİSİN İNTİQAMI, TELLİ SAZ

Bu adların aşağısında divar boyu fotolar. Onillər ərzində Azərbaycan səhnəsinin ən müxtəlif aktyor nəsillərinin ifasında səhnələrimizdə görünmüş Cavid qəhrəmanlarını əks etdirən şəkillər. Bunlar Azərbaycan teatrı tarixində qalan tamaşalar, rollar və aktyorlardır:

ABBASMİRZƏ ŞƏRİFZADƏ ÜLVİ RƏCƏB, MƏRZİYƏ DAVUDOVA, KAZIM ZİYA, RZA TƏHMASİB, SİDQİ RUHULLA, SONA HACIYEVA, AĞASADIQ GƏRAYBƏYLİ, MÖHSÜN SƏNANİ, ƏLƏSGƏR ƏLƏKBƏROV, MEHDİ MƏMMƏDOV, ŞƏFİQƏ MƏMMƏDOVA, ƏLİ ZEYNALOV, HƏSƏN TURABOV, SƏMƏNDƏR RZAYEV, HAMLET XANIZADƏ...
     Elə bu lövhədə 20-30-cu illərdə Bakı teatrlarında oynanmış Cavid tamaşalarına çağıran afişaların orijinalları asılıb. Lövhənin yuxarı hissəsində "Azər" poemasından götürülmüş misralar verilib:
"Dünya qoca bir səhnə demək"

* * *

Aparıcı mətn:

Təxəllüs seçdiyi “Cavid" sözünün mənası Böyük şairin yaşarı, əbədi deməkdir. Bu əbədiyyəti və ölməzliyi Cavidə bəxş edən ən əvvəl onun səhnə əsərləridir. Azərbaycanda poetik teatrın təməlini qoyan, mənzum faciələrin ilk təkrarsız nümunələrini doğuran, dramaturgiya tariximizdə faciə ustası kimi daimi birincilik haqqını qazanmış Cavidin öz həyatı nə qədər acılı, faciəli olsa da o, xoşbəxt bir insan idi. Müxtəlif təzyiqlərə, təqiblərə məruz qalsa da, əsrin ilk onilliyindən başlayaraq onun “İblis”i, “Şeyx Sənan”ı, ”Seyavuş”u, ”Knyaz”ı... həmişə səhnələrdəydi. Abbasmirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyə Davudova, Sidqi Ruhulla kimi parlaq aktyorlar canlandırırdılar Cavid surətlərini. Gənclik Cavid pyeslərini əzbər söyləyirdi. Həm yeni aktyor nəsilləri, həm də teatral auditoriya Cavid əsərlərindən tərbiyə alaraq yetişib inkişaf edirdilər. Bir neçə nəslin ruhuna, düşüncəsinə və hisslərinə hakim olduğunu, bələdçi, yol göstərən olduğunu Cavid öz sağlığındaca gördü. Bir yaradıcı üçün bundan böyük nə səadət ola bilər ki! Müdiriyyətin qapısının sol hissəsində rəsam Rafael Əsədovun Cavidin "Topal Teymur" televiziya tamaşası üçün çəkdiyi dekor və obrazların geyim eskizləri (1983) nümayiş olunur. Sağ hissədə isə H. Cavidin Bakıdakı ev muzeyinin 24 oktyabr 2002-ci il tarixli açılışı kəsilmiş qırmızı lent və fotoşəkillər yerləşdirilib. Elə bu guşədə də Prezident H.Əliyevin açılış zamanı dediyi sözlər təqdim olunub:

… Hüseyn Cavidin ev-muzeyi tarixi əhəmiyyət kəsb edən qiymətli sənədlərlə, eksponatlarla zəngindir. Bunlar bizi böyük Cavid dünyasına yenidən qaytarır. Ümidvaram ki, bu Cavid ocağı xalqımızın tarixinin, ədəbi irsinin, Milli mənəvi dəyərlərinin gənc nəsillərə aşılanmasında misilsiz rol oynayacaqdır.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti 24 oktyabr 2002 – ci il.

* * *

Dəhlizdə sıralanmış vitrinlərdə Hüseyn Cavidin əsrin ilk onilliklərində ərəb və latın qrafikası ilə nəşr edilmiş “Bahar şəbnəmləri”, “Keçmiş günlər”, ”İblis”, "Şeyx Sənan", "Uçurum", "Topal Teymur" və sair əsərləri ilə yanaşı bəraətdən sonra işıq üzü görmüş müxtəlif dillərdə olan kitabları, Cavidin həyatı və yaradıcılığı ilə əlaqədar həm azərbaycanlı, həm də əcnəbi müəlliflərin əsərləri düzülüb. Həmçinin burada Ə.Cavidin notları nümayiş olunur. Cavidin ev muzeyinə bu dəhlizdən başlayan səyahətin ilk anından görkəmli bəstəkar Cahangir Cahangirovun şairin “Xəyyam” pyesinə yazdığı musiqi astaca səslənir və bələdçinin sözlərini müşayiət edir. Muzeyə səyahət dəhlizin sağındakı xatirə otağına keçidlə davam edir

Yerə enməm də səma şairiyim…


© 2006-2008 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil seçin