Ev muzeyinin bu qanadındakı son kiçik otaq
Hüseyn Cavidin və onun ailəsinin sovet rejimi tərəfindən məruz qaldıqları müsibətlərə həsr edilib.
Açıq qapıdan qarşı divardakı rəsm əsəri görünür.
Rəssam Oqtay Sadıqzadənin çəkdiyi «Qara yazı» adlı bu əsərdə 1937-ci il repressiya qurbanlarından bir neçəsi təsvir edilib. Cavid və onunla dostluq etmiş, yaxın olmuş daha yeddi Azərbaycan ziyalısı.
Əhməd Cavad. (1112)
Seyid Hüseyn. (1286)
İdris Axundzadə. (2361)
Pənah Qasımov.
Mikayıl Müşfiq. (1109)
Abbasmirzə Şərifzadə.
Y.V. Çəmənzəminli.
Onların KQB (DTK) arxivlərində saxlanan sinəsi nömrəli şəkilləri, dəhşət dolu gözləri. Ortada Cavid, dördbir yanında məslək, əqidə dostları olan bu insanlar tikanlı məftillərin o tayındadırlar.
Tablonun üst hissəsində H.Cavidin «Şeyx Sənan» əsərindən misralar yazılıb:
«İşgəncədən qurtuldular,
Qeyb oldular, qeyb oldular.
Yüksəldilər, yüksəldilər,
Cənnətdə rahət buldular.»
Kitab dolabı. Buraya Cavidə məxsus, səhifələrində Cavidin qeydləri olan əsərlər yığılıb:
Şəmsəddin Sami bəyin «Qamusi - Türkü»sü.
Tofiq Fikrətin əsərləri.
Əbülqasim Firdovsinin farsca «Şahnamə»si.
Ö.Xəyyamın rübailərinin Hüseyn Daneş nəşri.
Türk tarixi və ədəbiyyatına aid əsərlər.
Azərbaycan şair və yazıçılarının əsrin ilk onilliyində nəşr edilmiş kitabları.
Aparıcı mətn:
OKTYABR AYI ONLARDAN ÖTRÜ XÜSUSİLƏ ƏZİZ İDİ. ŞAİR ÖZÜ 1882-Cİ İLİN 24 OKTYABRINDA DÜNYAYA GƏLDİ. ƏRTOĞROL 1919-CU İLİN 22 OKTYABRINDA, TURAN 1923-CÜ İLİN 2 OKTYABRINDA ANADAN OLDU. CAVİD UŞAQLARIN TƏVƏLLÜD TARİXİNİ ŞƏMSƏDDİN SAMİ BƏYİN, İLLƏR AYRILIĞINDAN SONRA TƏZƏDƏN BU OTAĞA QAYITMIŞ «QAMUSİ- TURKİ»SİNDƏ QEYD EDİB.
Sol divarda Cavidin cinayət işindən götürülmüş barmaq izləri olan vərəqin çərçivəyə salınmış surəti nümayiş etdirilir.
H.Cavidin 1937-ci ildə həbsindən sonra anfasdan və profildən çəkilmiş fotosu. Bu hissədə H.Cavidin «Azər» poemasından və «Şeyx Sənan» əsərindən misralar yazılıb:
«Bir əlim iştə su, atəş bir əlim.
Çarpacaq qəlbim əgər sussa dilim.»
«Bəni yalnız yaşatdı bir röya,
Öylə röya ki, dadlı bir xülya.
Dərdi – həsrətlə daima yanaraq,
Yaşadım bir xəyalə aldanaraq.»
Qarlı Sibir meşəsindəki 59 nömrəli qəbrin fotosu.
1982-ci ilin oktyabrında çəkilmiş foto. 1941-ci ildə vəfat etmiş Cavid 41 illik ayrılıqdan sonra yenə öz mənzilindədir. Onun tabutu başında fəxri qarovulda dayanan Heydər Əliyevin fotosu.
Aparıcı mətn:
1941-ci il dekabr ayının 5-də İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko kəndindəki əlillər xəstəxanasında dahi Cavid keçindi. Ölümünün səbəbini belə göstərdilər: ürək iflici və ayaqlarının donmasından yaranan sepsis. Şairlə birlikdə son pyesləri «Atilla», «Çingiz xan», «Telli saz», «Şəhla» və neçə şeri də gedər-gəlməzə getdi.
Cavid o buz səhrasındakı nömrəylə işarə edilən minlərlə qəbirdən birinə gömüldü.
İllər keçəcək, 1956-cı ildə Cavid də bəraət alacaq, onun üzərindən “xalq düşməni” damğası götürüləcək, kitabları yenidən nəşr ediləcək, əsərləri təzədən səhnələrə çıxacaq.
Amma Cavidin əsl bəraəti 1981-ci ildən başlayacaq.
Onun 100 illiyinin qeyd edilməsi haqqında qərar Cavid taleyinin ən əlamətdar hadisəsi olacaq. Bu qərar möcüzə sayılası bir tədbiri də nəzərdə tuturdu: Cavidin Sibirdəki məzarını tapıb cənazəsini Vətənə gətirməli!
Bu qərarın müəllifi, sovet dövləti içərisində yüksək nüfuzu və gücü hesabına onun icrasının yeganə səbəbkarı Azərbaycan dövlətinin başçısı Heydər Əliyev idi.
İllər ötəcək. Hakimiyyət və siyasət meydanında keşməkeşlərdən adlayıb 1990-cı illərdə artıq müstəqil Azərbaycana yenidən rəhbərlik etməyə başlayan prezident Heydər Əliyev Cavidə qaytarılmalı olan, amma 1982-ci ildən sonrakı 14 il ərzində kimsənin qaytarmadığı bir vətəndaş borcunu da yerinə yetirəcək. Cavidin bu evdən dustaq edilib aparılmasından 59 il sonra Naxçıvanda - şairin ata-baba yurdunda, böyük ustadın Sibirdən Azərbaycana qaytarıldıqdan sonra dəfn edildiyi məzarın üzərində əzəmətli türbəsini ucaltdıracaq. Bu türbədə Cavidin onillərlə həsrətini çəkdiyi həyat yoldaşı Mişkinaz xanım, oğlu Ərtoğrolla yanaşı uyumalarını, haqq dünyasında qovuşmalarını gerçəkləşdirəcək.
H.Cavidin yazı masası. Üzərində yarımçıq əlyazmaları.
Mürəkkəbqabı. Qələmi. Pensnesi. Cavidin bu otaqdan, bu evdən ayrıldığı son günün son işarələri.
Divar saatının altında «Xəyyam» əsərindən misralar yazılıb:
«Hey fələk keçdi zaman dalğa kibi,
Öylə bir dalğa ki, qorxunc, əsəbi.»
Aparıcı mətn.
1937-ci il iyun ayının 3-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının XIII qurultayı keçirildi. Mərkəzi Komitə katibi Mircəfər Bağırov çıxış edərək “xalq düşməni” adlandırdığı bir çox Azərbaycan ziyalısını, o sıradan Cavidi kəskin tənqid etdi. Və çox ləngitmədən elə həmin günün gecəsi, iyunun 4-də, saat dörd radələrində NKVD-nin qara maşını Cavidin evinin qarşısında dayandı. Onu yazı masasından, evindən, şe’rindən, ədəbiyyatdan və həyatdan ayırdılar.
Faciələr müəllifi Cavidin və ailəsinin onillərcə davam edəcək zillətləri başlandı. Onu həbsxanaya atdılar. İki il sonra Sibirə sürgün etdilər. Həbsindən az sonra ailəsini bu evdən çıxardılar.
Cavidin adı, əsərləri yasaq oldu. Adı hər yerdən silindi.
H.Cavidin büstünün yanında Cavidin evində axtarış aparılması haqqında protokol, Cavidin Sibirdən göndərdiyi məktublar – onun axırıncı yadigarları, 59 yaşında ölümü haqqında şəhadətnamə nümayiş etdirilir. H.Cavidin büstünün aşağı hissəsində «Xəyyam» əsərindən misralar yazılıb:
«Onu duymaz, duyamaz hər şaşqın
Bir dəniz şişəyə sığmışmı? Saqın!
Gün dəyişdikcə o həp gənc olacaq,
Şən könüllərdə pərəstiş bulacaq.»
«Qara yazı» tablosunun sağında 1937-ci ildə
Cavidə iftiralarla dolu yazılardan imzalı – imzasız kəsiklərin toplandığı kollajı əks etdirən lövhə təqdim olunur.
Aparıcı mətn:
Cavid ömrünün çətinliklər, sıxıntılardan sonra xoşbəxt parçasını yaşayan şöhrətli sənətkar idi. Sədaqətli ömür yoldaşı, ağıllı-kamallı, itedadlı balaları vardı.
Ərtoğrol pedaqoji İnstitutun ədəbiyyat fakültəsində oxuyurdu.
Artıq şerlər yazır, tərcümələr edirdi, rəssamlığı vardı – bəyənimli rəsmlər çəkirdi.
1923-1926-cı illərə qədər – «Peyğəmbər» və «Topal Teymur» ortaya çıxanacan ədəbi tənqid Cavid barəsində yalnız təriflər yazır, onun hər əsərini təqdir edir.
Lakin 1920-ci illərin ikinci yarısından ona qarşı tənqidin ənənəvi olaraq qərəzli, sərt, bolşevik ruhlu hucumları güclənir.
Məktəb dərsliklərində onun haqqında indiyədək sırf müsbət mövqedən yazılan oçerklərin məzmunu dəyişir, şairin irsi təftişçi çekist nöqteyi-nəzərindən təhlil edilməyə başlanır.
Bu kiçik otağın giriş hissəsinin sağ divarında
rəssam Vaqif Ucatayın «Zordan üstün» (1982) əsəri nümayiş olunur.
Aparıcı mətn:
Bu əsər fəlsəfi məna daşıyır. Kosmoloji fəzada təqdim olunmuş Cavidin təsviri onun ümumbəşəri mahiyyət daşımasına bir işarədir. Ön planda o dövrün gəncliyinin simvolu olan Ərtoğrol və Tahir Rasizadələr əks olunmuşdur. Totalitar rejimin simvolunu təşkil edən hörümçək toruna bu gənclər müqavimət göstərərək irəli addımlayırlar.
Şəklin aşağısındakı vitrində H.Cavidin cib saatı və Sibirdəki məzarından götürülmüş torpaq nümayiş etdirilir.
Bu guşədə Ərtoğrolun çəkdiyi A.M.Şərifzadənin İblis obrazında təsviri və Ərtoğrolun ailəsinə, müəllimləri Üzeyir bəyə, Bülbülə göndərdiyi məktublardan parçalar nümayiş olunur. Həmçinin burada «İblis» pyesindən misralar yazılmışdır:
«İblis nədir? Cümlə xəyanətlərə bais
Ya hər kəsə xain olan insan nədir? İblis!»
Aparıcı mətn:
Ərtoğrol Cavidi repressiyaların zərbə dalğası apardı. Konservatoriyanın tələbəsi olmasına baxmayaraq, onu əsgərliyə çağırdılar. «Xalq düşməni»nin oğlunu Gürcüstanda çox ağır tunel tikintisi işlərinə göndərdilər. Vərəmə tutuldu… Müəllimləri Üzeyir bəyə, Bülbülə, anasıyla bacısına insafsızca tez qırılan 24 baharlıq həyatının son aylarında yolladığı bu məktublarında gerçəkləşməyəcək ümidlər çırpınır.
Bir çiçək ki, yeni
açmaya başlar,
Görənlər-
Bir yapraq Həmən qoparar.
Bu misraları Ərtoğrol yazıb. Bu misralarında öz qisməti var.Ömrün çətin, məşəqqətli illərində Tahir ona sona qədər sadiq qaldı və cəmi 35 il də o «yaşa»dı.
Vaxtın acı qasırğaları olmasaydı, bu iki parlaq gənc nə qədər zirvələr fəth edəcəkdi.
TALE ÖZÜMƏM, BƏXT
MƏNİM ÖZ
HÜNƏRİMDİR,
ZİRA Kİ, - BU DÜNYADA
NƏ BƏXT VAR, NƏ DƏ
TALE.
BU MİSRALAR TAHİR RASİZADƏNİNDİR. UŞAQLIQ DOSTLARI İDİLƏR. LAKİN DAHA ƏVVƏL MƏSLƏK, ƏQİDƏ DOSTU İDİLƏR. ƏRTOĞROL TAHİRİN ŞERLƏRİNƏ MAHNILAR DA BƏSTƏLƏMİŞDİ. 35 YAŞLI TAHİRİN SON MƏKTUBU 1942-Cİ İLDƏ KERÇ CƏBHƏSİNDƏN GƏLDİ.
| |