Ev muzeyindəki ən böyük otaq ekspozisiya olaraq Hüseyn Cavidin və onun bəstəkar, şair, rəssam oğlu Ərtoğrolun ədəbiyyat və sənətdə qazandıqları sayğı və zəfərləri nümayiş etdirməyi nəzərdə tutur. Eləcə də bu otaqda Cavidlə əlaqədar görüşlərin, elmi toplantıların, Cavid qiraətlərinin və s. tədbirlərin keçirilməsi mümkündür. Girəcəkdə sol tərəfdə böyük ekranlı televizor qoyulmuşdur. Cavid ev muzeyinin elmi fondundan əlavə öz videotekası və fonotekası vardır. Cavid haqqında və onun həyat-yaradıcılığı ilə əlaqədar çəkilmiş bütün sənədli, bədii filmlər, süjetlər, Cavid əsərlərinin ayrı-ayrı tamaşalarının lent yazıları müvafiq münasibətlərdə bu tamaşaçılara göstərilir.
Tamaşaçılar bu otağa daxil olarkən səsləndirmə mərkəzindən Ərtoğrol Cavidin Tahir Rasimzadənin sözlərinə bəslədiyi və Rauf Adıgözəlovun ifasında lentə alınmış “Səninlə olaydım” mahnısı eşidilir.
Girəcəkdə sağ tərəfdə
qədimi piano qoyulub. Vaxtilə bu pianoda həm Ərtoğrol Cavid, həm onun müəllimi Üzeyir Hacıbəyov, həm Müslüm Maqomayev çalıblar.
Ərtoğrol Cavidin ona konservatoriyada dərs demiş sevimli müəllimi Üzeyir Hacıbəyova həsr etdiyi “Doqquz variasiya” əsərinin not yazısının avtoqrafı açıq halda pianonun üstündədir. Əsərin ilk səhifəsində bu əsərin məhz Üzeyir bəyə həsr edilməsi Ərtoğrolun öz xətti ilə qeyd edilmişdir.
Pianodan üstdə divardan Ərtoğrol Cavidin gənc rəssam Kamilla Eldarova tərəfindən çəkilmiş portreti asılmışdır.
Bu portret Ərtoğrolun 20-21 yaşlarında ikən çəkilmiş fotoları əsasında yaradıla bilər.
Ərtoğrol çoxcəhətli iste’dad sahibi idi.
O, gözəl musiqiçi - bəstəkar idi. Elə bu piano o rəsmdə uzaq fonda görünə bilər.
Ərtoğrol ədəbiyyatçı idi, kitab aludəsi idi. Onun şəxsiyyətinin tamamlayan kitablar da bu rəsmdə görünməlidir.
Və Ərtoğrol yaxşı şahmatçı idi. Onun uşaqlıq dostu Ətaulla Qasımovla oynadığı şahmat partiyalarının müfəssəl təsvirini əks etdirən dəftərlər də qalıb.
Portretdən aşağıda Ərtoğrol haqqında bilgi verən mətn:
24 illik qısa ömür yaşamış Ərtoğrol Cavid Pedaqoci İnstitutun ədəbiyyat fakultəsini “ə’la” qiymətlərlə bitirdikdən sonra konservatoriyaya daxil olmuşdu. Eyni vaxtda o, Bülbülün təşkil etdiyi Xalq Musiqisinin Tədqiqi kabinəsində çalışır, araşdırmalar aparırdı.
Üzeyir Hacıbəyovun tələbəsi olan Ərtoğrol Cavid soyadınagörə çap olunmaq imkanından məhrum idi. Bununla belə usanmadan işləyirdi. Romanslar, mahnılar, simfonik parçalar bəstələmiş, “Məhsəti” operasını yazmağa başlamışdı.
Qərbi Avropa və rus bəstəkarlarının bir çoxlarının məşhur əsərlərini Azərbaycan dilinə ekvoritmik tərcümə etmişdi.
Çoxlu şe’rlərin, ssenarilərin müəllifi idi.
1943-cü ildə həyatı amansızca erkən bitən bu iste’dadlı gənci onunla konservatoriyada birgə təhsil almış məşhur bəstəkar Fikrət Əmirov çox sonralar onu belə qiymətləndirirdi:
“Ərtoğrol musiqidə əyalətçiliyi sevməzdi, geniş miqyaslarda düşünə bilirdi, xalq musiqimizə bu qədər yaxın, bələd və aşina olmaqla bərabər hər cür milli məhdudiyyətdən xali idi.
Mən onun sənətini də, şəxsiyyətini də açılmamış gözəl bir fidana, pöhrəyə bənzədə bilərəm. Qəti əminəm, qalsaydı musiqimizin ən görkəmli xadimlərindən biri olacaqdı."
Aparıcı mətni:
Ərtoğrol atasına layiq bir oğul idi. 24 illik son dərəcə qısa bir ömür yaşamış, bu ömrün də son iki ilini çarpayı dustağı olmuş Ərtoğrol bütün maddi və mə’ni sıxıntılara baxmayaraq ruhdan düşməmiş, böyük bir kollektivin yerinə yetirə biləcəyi qədər zəngin, çoxcəhətli və faydalı işlər görmüşdür.
O, Nizami Gəncəvinin sözlərinə romanslar yazan ilk Azərbaycan bəstəkarlarından idi.
Nigar Rəfibəylinin “Məhsəti” poeması əsasında opera yazmağa başlayıbmış və atasının “Şeyx Sən’an” faciəsini də operalaşdırmağa ciddi hazırlaşırmış.
Bir çox xalq mahnılarımızın nadir ifalarda fonovaliklərə yazılaraq bugünə çatdırılması Ərtoğrolun mədəniyyətimizə misilsiz xidmətlərindəndir.
Onun şe’rləri, ssenariləri, elmitədqiqi məqalələri bişkin bir qələm sahibi olduğunu təsdiqləyir.
1942-ci ildə konservatoriya tələbsi olmasına baxmayaraq onuəsgər aparırlar, ağır tunel tikintilərində işlədirlər, vərəm xəstəliyinə tutulsa da, yalnız xəstəliyinin ən böhranlı nöqtəyə çatmasından sonra onu azad edirlər. Bakıya deyil, Naxçıvana getməsinə icazə verirlər. 1937-ci il repressiyaları zərbə dalğasının qurbanı olan Ərtoğrolla vidalaşmağa getməyi də anası və bacısına icazə vermirlər.
Bu iste’dadlı musiqiçinin əsərləri vəfatından yarım əsr sonra ifa edilmiş, lentə alınmış və Azərbaycan radiosunun “qızıl fond”una daxil edilmişdir.
Yenə sağ divar boyu pianodan sonra Cavidə məxsus sekreter qoyulub. Müxtəlif gözlərində Ərtoğrolun imzası ya gizli imza ilə nəşr edilmiş not əsərləri, Cavidə bağışlanmış avtoqraflı kitablar, içərisində Cavid ailəsinə məxsus şəkillərin toplandığı foto-albom.
Yuxarıda divara Cavidin müxtəlif əsərlərinə müxtəlif dövrlərdə çəkilmiş illüstrasiyalardan seçmələr asılıb.
Bu illüstrasiyaların sağında və solundakı çərçivələrdə Cavid və sənəti haqqında məşhur şəxsiyyətlərin fikirləri yazılıb.
"Hüseyn Cavid Azərbaycan teatrının Şekspridir."
Mikayıl Müşfiq.
** **
“Şeyx Sən’an” ... quruluşundakı vəhdət, üslubdakı sadəliyə və narınlığa, şe’riyyətdə musiqiyə, musiqidə şe’riyyətə, hər ikisindəki oynaqlığa, bir sözlə, ümumi ahəng toplandıqdan, məzkur əsəri hər kəsə məcburən sevdirəcəkdi .
Hənəfi Zeynallı
** **
Cavidcə insanların səadəti ağıl ilə qəlb arasında olan ahəng və uyğunluqdadır. O, qəlbsiz insanları bəşəriyyət üçün pək zərərli görür.
Abdulla Şaiq
** **
"Cavid gəncliyi odlu məhəbbətlə sevirdi."
Camo Cəbrayılbəyli
** **
"Cavidi Cavid edən, onu böyük sənətkarlar sırasına çıxaran da Şeyx Sən’an”, “Səyavuş”, “Xəyyam” kimi sənət inciləridir."
Abbas Zamanov
** **
Cavid yaradıcılığı teatrla üzvi surətdə bağlıdır və Cavidin, şübhəsiz ki, öz teatrı vardır.
Cavidi teatrsız, teatrı Cavidsiz düşünmək olmaz.
Cəfər Cəfərov
** **
Qarşı divarda pəncərə qarşısında Ömər Eldarovun yaratdığı qızılgüllərin ağuşuna aldığı Cavidin heykəli. İki metr hündürlüklü bu heykəl döşəmə üzərində qoyulub.
Heykəlin sağ və sol tərəfində iki rəsm əsəri asılıb.
Sol tərəfdə asılan
“Birgəliyin son yayı” əsəri rəssam Altay Hacıyevə, sağ tərəfdə asılan
“İblis” operası doğulan gün” əsəri isə rəssam Ənvər Əliyevə məxsusdur.
Əsərlərin məzmunu ilə bağlı zəruri bilgi: “Birgəliyin son yayı” əsərində 1936-cı ilin yayında Pirşağıdakı bağlardan birində yay istirahətini keçirən Cavid və yaxınları təsvir ediləcək. Növbəti yayda daha onlar bir yerdə ola bilməyəcəklər. Başlanan repressiyalar onların hamısını pərən-pərən salacaq.
Rəsmdə Abşeronun füsunkar yay axşamlarından biri təsvir edilir. Cavid yeni yazdığı şe’ri oxuyur. Müşfiq, Əhməd Cavad, hələ xeyli gənc olan Rəsul Rza, Ənvər Məmmədxanla dinləyirlər. Ənvərin bacıları Arifə ilə Həbibənin siluetləri də bu yay axşamının alatoranında sezilməkdədir.
O yay və o bağ, Cavid və o bağdakıların birgə anlarının müfəssəl açılışı ilə əlaqədar rəssam bu sətirlərin müəllifinin həmin məsələyə həsr edilmiş “Ayrılıqdan bir az qabaq” məqaləsini oxuya bilər.
Aparıcı mətni:
Onların birgə olduqları hər an sənət havasıyla çağlardı.
1936-cı ilin yayında hamısı Pirşağıda bir-birinə yaxın yerdə bağ kirələmişdilər ki, hər axşam bir yerdə ola bilsinlər. Növbəti yayda daha onlar bir yerdə ola bilməyəcəklər. Başlanan repressiyalar onların kimini məhv edəcək, kimini qara caynağına alıb uzaq Sibirlərə atacaq.
Hələliksə xoşbəxtdirlər - çünki birgədirlər. Onları ayrılığın son yayı qovuşdurur. Hər gün bir yeni ilhamın, hər gün bir yeni şe’rin doğulduğu çağlardır. Cavid əfəndi təzə şe’rini oxuyur. Əhməd Cavad, Müşfiq, Rəsul Rza, Ənvər Məmmədxanlı heyranlıqla dinləyirlər. Ənvərin bacıları Arifəylə Həbibə hələ uşaqdırlar.
Bu anlar onlarçun bir nağıla bənzəyir...
Sağ tərəfdəki rəsmdə piano arxasında oturub yazmağa başladığı “İblis” operasından fraqmenti çalan Müslüm Maqomayevin yanında Pənah Qasımov ayaq üstədir. O, sanki özünü unudaraq pianoya dirsəklənib, valeh-valeh dinləyir. Cavidlə Üzeyir bəy elə bu rəsmin asıldığı otağın əks edildiyi məkanda, elə indi də bu otaqda olan stolun arxasında əyləşiblər. Qarşılarındakı çay sətkanları içilməmiş qalıb.
Aparıcı mətni:
Görkəmli maarif xadimi Pənah Qasımov qoşa qızı və bir oğlu, xanımı Əminə ilə 1930-cu ilə qədər Cavid ailəsi ilə bu mərtəbədə birgə yaşadılar. Əlbətdə ki, bir evli kimi idilər.
Pənah bəy darülmüəllimin müdiri, Cavid oranın müəllimi idi.
Pənah bəy, Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq idilər. Digər Terequlova bacıları - Müslümün yolddaşı Badigülcamalla Üzeyir bəyin zövcəsi Məlikə xanım ərləri ilə birgə bu evə tez-tez gəlirdilər.
Üzeyiri, Müslümü, Cavidi, Pənah bəyi yalnız qohumluq, dostluq münasibətləri deyil, həm də yaradıcılıq əməkdaşlıqları qovuşdururdu.
Üzeyir bəy Cavidin librettosu əsasında “Şeyx Sən’an” operası yazacağını bildirmişdi.
Müslüm bəyin Cavidin librettosu əsasında “İblis” yazmağa başlaması və onun bə’zi fraqmentlərinin səsləndirilməsi barədə o vaxtın mətbuatında soraqlar var.
Sol divarda xalçaçı
Afaq Kərimovanın yaratdığı Cavid xalçası asılıb.
Bu xalçanın yuxarı hissəsində Cavidin portreti var, ikinci hissə saçaqlarla birincidən ayrılmalı və bu bölümdə Cavid aləmi ilə bağlı müəyyən elementlər, şairin sevdiyi qızılgüllər əks edilməlidir. Və bu elementlə otaqdakı heykəllə xalça bir-birini tamamlamış olacaq.
Xalça üzərində Cavidin Sibirdən göndərdiyi son məktub və onun son cümləsi də təsvir edilə bilər: “Turandan muğayat olun”.
Aparıcı mətni:
Cavid 1941-ci ildə Sibirdən yolladığı son məktubunda “Turandan muğayat olun” yazmışdı. Tale elə gətirdi ki, Cavidlərin hamısından, onların nigaran xatirələrindən muğayat olmaq yükünü bütün ömrü boyu zərif çiyinlərində evin sonbeşiyi Turan Cavid daşıyası oldu. O, Cavidin, qardaşı Ərtoğrolun əsərlərini, əzizləri ilə bağlı hər bir yadigarı göz bəbəyi kimi hifz edərək bu günə çatdırdı, onillərlə sürən arzulardan, ümidlərdən sonra yenidən burda - öz evlərində topladı və siz bu gün burada Cavidlər ömrünə doğruçu bir səyahətə çıxa bildinizs, bu ilk növbədə Turan Cavidin - ləyaqətli övladın, dəyanətli, dözümlü, mərd insanın xidmətidir.
Cavid ev muzeyinə Cahangir Cahangirovun “Xəyyam” pyesinə yazdığı musiqi ilə başlanan səfər elə həmin əsərdən daha bir musiqi parçası ilə sona yetir.
| |