HÜSEYN CAVİDİN XATİRƏ GÜNÜ KEÇİRİLİB [17.12.2008 ]
Elmin inkişafı, texnikanın nailiyyətləri və informasiya bolluğu ilə səciyyələnən zəmanəmiz, buna baxmayaraq fəlsəfi özünüdərkə və idealist dünyagörüşünə, əxlaqi və mənəvi təkamülə daha böyük ehtiyacı ilə seçilir. Ədəbiyyatda fövqəladə təsir qüdrəti ilə fərqlənən böyük Azərbaycan mütəfəkkiri və filosofu Hüseyn Cavidin pyesləri məhz müasir dövrdə xüsusi əhəmiyyətə malikdirlər. Hüseyn Cavidin qələmindən çıxmış əsərlər məna etibarilə çox ibrətamiz və hikmət dolu bir tərzdə yazılmışdır. Buna görə də dərin fəlsəfi məna kəsb edən, ümumbəşəri ali ideyalar təbliğ edən Hüseyn Cavid yaradıcılığı Azərbaycan xalqı tərəfindən daima qiymətləndirilir və həmişə yad olunmaqdadır. 1937-ci ilin 4 iyununda repressiyaya məruz qalmış Hüseyn Cavid 1941-ci il dekabr ayının 5-də Sibirin İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko kəndindəki məhbus əlillər xəstəxanasında vəfat etmişdir.
Dahi Azərbaycan dramaturqu Hüseyn Cavidin soyuq Sibirin qorxunc həbs düşərgəsindəki faciəli ölümündən daha bir il keçdi. Böyük ədibin vəfatının 67-ci ildönümü onun vətəni olan Naxçıvan MR-nın paytaxtı Naxçıvan şəhərində keçirildi. Mərasim AMEA Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə təşkil olundu. Dekabr ayının 5-də Hüseyn Cavidin Naxçıvandakı Ev Muzeyinə toplaşan mərasim iştirakçıları xüsusi matəm alayı ilə Cavid məqbərəsinə doğru hərəkət etdilər. Vaxtilə ulu öndər Heydər Əliyevin səyi ilə uzaq Sibirdən köçürülmüş nəşin dəfn edildiyi məzarın və üzərində milli memarlıq ənənələrinə uyğun üslubda ucaldılmış möhtəşəm abidənin önünə əklil qoyuldu. Təntənəli gül qoyma mərasimində Naxçıvan MR Ali Məclisinin, AMEA Naxçıvan bölməsinin, Naxçıvan Mədəniyyət Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin nümayəndələri, AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları, alimlər, cavidsevərlər və s. iştirak etdilər. Sonra tədbir sessiya toplantısı ilə muzeydə davam etdirildi. Sessiyanı giriş sözü ilə. Hüseyn Cavidin Naxçıvandakı ev muzeyinin direktoru Bəhruz Axundov açdı. Sonra AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru f.e.n. Gülbəniz Babaxanlı, AMEA-nın müxbir üzvü f.e.d. Teymur Kərimli, yazıçı-publisist Əbülfəz Əsgərli, Naxçıvan Dövlət Universitetinin prorektoru Hüseyn Həşimli, Naxçıvan Dövlət Universitetinin müəllimi f.e.n. – şair Xanəli Kərimli, AMEA Naxçıvan bölməsinin əməkdaşı f.e.n. Lütfiyyə Əsgərzadə, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar dolğun məruzələrlə çıxış etdilər. AMEA Hüseyn Cavidin Ev Muzeyi Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova muzeyin yeni nəşrlərini («Hüseyn Cavid əsərləri» 5 cildlik külliyatı, «Cavid hikməti», «Cavidşünaslıq məqalələr toplusu» I, II-III cildlər») hədiyyə etdi. Cənab Vasif Talıbov isə xatirə olaraq AMEA Hüseyn Cavidin Ev Muzeyinə «Naxçıvan abidələri ensiklopediyası» adlı fundamental kitabını hədiyyə etdi. Tədbir NTV kanalı və KİV ilə işıqlandırıldı.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi s.n. Fəridə İbrahimqızı